Call For Proposals
 
JOB TITLE: Call For Proposals
EMPLOYER: SOCAR Midstream DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-19 LAST UPDATED: N/A DEADLINE: 2021-04-18

Layihə təklifləri üçün çağırış

Nəzərdə tutulur: Biologiya, Mikrobiologiya, Molekulyar biologiya, Biokimya və İmmunologiya sahəsində akademik kitabların və Massiv Açıq Onlayn Kursların azərbaycan dilinə tərcümə edilməsi

Layihə təklif forması 19 Aprel yerli vaxtla saat 09:00-dan gec olmayaraq aşağıdakı elektron ünvana göndərilməlidir:
si@socarmidstream.az

SOCAR və onun tərəfdaşları, maraqlı tərəfləri Biologiya, Mikrobiologiya, Molekulyar biologiya, Biokimya və İmmunologiya sahəsində kitabların və Massiv Açıq Onlayn Kursların tərcümə edilməsi üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.

Layihə SOCAR Sosial Sərmayə təşəbbüsləri çərçivəsində həyata keçirilir və fərqli təhsil müəssisələrində təhsil alan, tədrislə məşğul olan, araşdırma aparan şəxslərin müasir ədəbiyyatdan istifadəsini təmin etmək və biliklərini artırmaq məqsədini daşıyır. Sosial Sərmayə təşəbbüsləri fərqli prioritet istiqamətlərdə mühüm əhəmiyyət kəsb edən və uzunmüddətli sosial, mədəni və iqtisadi inkişafı təşviq etmək üçün davamlı şəkildə həyata keçirilən təşəbbüslərdir.

Hədəf qrupu

Fərqli təhsil müəssisələrində təhsil alan tələbələr, müəllimlər və əlaqədar sahələrdə araşdırma aparan elmi heyyət layihənin əsas hədəf qrupudur.

Xidmətlər

Əlaqədar sahədə geniş təcrübə və biliklərə malik olan dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərdən gələn ərizələrin qəbulunu elan edirik.

Layihə hədəflərinə çatmaq üçün seçilmiş təşkilatın aşağıdakı xidmətləri göstərməsi gözlənilir:

- İşçi heyətinin formalaşdırılması;
- Qeyd edilən sahədə fərqli elm-tədris ocaqlarında layihədən təsirlənəcək potensial qrupların maraq və ehtiyaclarının araşdırılması;
- Uyğun kitabların seçilməsi;
- Seçilmiş kitabların müəlliflərindən və nəşriyyat şirkətlərindən icazənin alınması;
- Kitabların tərcüməsi, redaktəsi və müsəhhihliyinin (proofreading) aparılması;
- Yuxarıda qeyd edilmiş sahələri əhatə edən və Coursera.org platforması üzərindən təklif olunan ümumilikdə 5 kursun azərbaycan dilinə tərcümə edilməsi;
- Tərcümə ediləcək onlayn kurslarda iştirak etməkdə maraqlı olan və Sosial Sərmayə təşəbbüsləri çərçivəsində təqaüd alacaq 50 tələbənin seçimi;
- Tərcümə ediləcək kitabların hər birindən 100 nüsxənin çap edilməsi;
- Kursu götürmək üçün təqaüd alan tələbələrin materialları daha yaxşı qavraması və kursu müvəffəqiyyətlə bitirməsi üçün MOOC fasilitasiya görüşlərinin təşkil olunması.

Layihə təklif formasının təqdim olunması ilə bağlı təlimat

Layihə təklif formasında aşağıdakılar qeyd edilməlidir:

- həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərin davam etmə müddəti;
- ərizəçi tərəfindən daha öncə həyata keçirilmiş bənzər fəaliyyətlərin xülasəsi;
- layihə komandası və cəlb ediləcək mütəxəssislərin tərcümeyi-halı və ya onlar haqqında qısa xülasə;
- layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsi və dayanıqlılığının təmin olunması ilə bağlı yanaşma və bunun əsaslandırılması;
- təklif ediləcək məhsul və xidmətlərin adı və növü haqqında məlumat və təqdim olunan hər bir xidmət və məhsul üzrə müvafiq xərclər;
- nəzərdə tutulan digər xərclər;
- məntiqi çərçivə matriksi (lofgrame), monitorinq və qiymətləndirmə planı; uyğun indikatorlar (həm keyfiyyət, həm kəmiyyət); genderə həssas həyata keçirmə və qiymətləndirmə planı; gözlənilən risklər və risklərin azaldılması strategiyaları; layihədə maraqlı tərəflərin təhlili; icra planı (aylara görə);

Qiymətləndirmə meyyarları:

Layihə təkliflərinin qiymətləndirilməsi zamanı aşağıdakı meyyarlar nəzərə alınacaq:

- Təşkilat, layihə komandası və layihəyə cəlb edilən ekspert qrupunun təklif olunan fəaliyyət və iş proqramını başa çatdırmaq üçün uyğun peşəkar bilik, bacarıq və təcrübəyə malik olması. Bu baxımdan, müraciət edənlər aşağıdakı təsdiqedici sənədləri təqdim etməlidir: 1) Əvvəllər ərizəçi tərəfindən həyata keçirilmiş müvafiq fəaliyyətlərin xülasəsi 2) tərcümeyi-hal və ya işin həyata keçirilməsinə cavabdeh şəxslərin peşəkar özkeçmişlərinin qısa xülasəsi;
- Kitabların seçimi və layihə təklifi formasının hazırlanması prosesinə yerli tədris ocaqlarından sahə ilə əlaqədar dərs deyən, araşdırma aparan və təhsil alan şəxslər cəlb olunub və onların fikir və təklifləri nəzərə alınıb;
- Tərcümə üçün seçilən kitabların dərslik və araşdırma materialı kimi istifadəsi üçün düzgün seçim olması:
- Kitab sahə ilə əlaqəli hansı təməl mövzuları əhatəli şəkildə özündə əks etdirir;
- Kitabda istifadə olunan terminologiya və materialların çətinlik dərəcəsi hədəf qrupunun mövzunu tam şəkildə qavraması üçün uyğundur;
- Kitabda əks olunan vizual materiallar məlumatı daha yaxşı anlamağa kömək edir;
- Kitab dünyanın ən yaxşı ali təhsil müəssisələrində dərslik və ya araşdırma materialı kimi istifadə olunur;
- Kitab onlayn platformalarda oxucular tərəfindən kifayət qədər yüksək sayda müsbət rəy (positive review) alıb;
- Seçilən kitabın müəllifi əlaqədar elm sahəsi üzrə dünya miqyasında mühüm yer tutur;
- Tərcümə üçün təklif olunan kitab müəllif tərəfindən hazırlanan ən son nəşrdir və sahə ilə əlaqəli ən son kəşfləri və yenilikləri özündə əks etdirir.

- Coursera platforması üzərindən təqdim olunan və tərcümə üçün nəzərdə tutulan kurslar qeyd olunan elm sahələri üzrə mühüm mövzuları əhatə edir və kurs iştirakçılarının biliklərini əhəmiyyətli dərəcədə artırmasına və ixtisaslaşmasına kömək edir;
- Layihə çərçivəsində həyata keçiriləcək bütün fəaliyyətlərin icrası zamanı layihə benefisiarlarına, eləcə də SOCAR və onun tərəfdaşlarına uzun müddətli fayda verə biləcək innovativ yanaşmadan istifadə olunub;
- Təklif olunan fəaliyyətlərin dizaynı, planlaşdırılması, icrası və monitorinqində tələbələr, müəllim və digər yerli akademik heyətin yüksək səviyyədə iştirakı nəzərdə tutulub;
- SOCAR və onun tərəfdaşlarının maliyyəsi xaricində layihənin davamlılığının və maliyyə etibarlılığının təmin olunması üçün hədəf qrupuna uzunmüddətli, əsaslı və tətbiq edilməsi real həll yolları təklif edilib;
- Layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətləri yerinə yetirmək üçün məqbul və ağlabatan qiymətlər təklif olunub;
- Layihənin öz hədəflərinə müvəffəqiyyətlə nail olması və uğurun necə izlənə və ölçülə bilən olması açıq şəkildə ifadə edilib.

Layihə təklif formasını göndərməmişdən öncə ərizəçilər əmin olmalıdır:

• Tərcüməsi planlanan kitablar, onların öncəki nəşrləri və həmin kitablarda istifadə olunan materiallara kontent və keyfiyyət baxımından bənzər materiallar daha öncə azərbaycan dilinə tərcümə olunmayıb;
• Tərcüməsi planlanan kitab və kurslara universitet rəhbərliyi, müəllimlər; akademik heyyət və ictimaiyyət tərəfindən geniş maraq var;
• Tərcümə edilməsi planlanan materialların (kitab və kurs) Azərbaycanda nəşri və istifadəsinə icazə verilir.

Monitorinq və Qiymətləndirmə

Məntiqi çərçivə matriksi (logframe) əsasında obyektiv yoxlanıla bilən indikatorlar yaradılacaq və həmin indikatorlar hər ay yoxlanılacaq. Layihənin müqavilədə razılaşdırılmış qayda və şərtlərə uyğun olaraq həyata keçirilməsindən əmin olmaq üçün mütəmadi olaraq monitorinq və qiymətləndirmə işləri həyata keçiriləcək.

Ödəniş şərtləri:

Büdcə üçün nəzərdə tutulan məbləğ AZN ilə ödəniləcək. SOCAR orijinal sənəd və fakturalar təqdim edildiyi halda, qənaətbəxş yoxlanış hesabatı və tələb olunan məhsullar alındıqdan sonra ödənişi 30 gün ərzində bank hesabı vasitəsilə həyata keçirəcək. Nəzərinizə çatdırmaq istərdik ki, layihə təklifi formasının hazırlanması üçün edilən bütün ödənişlər və çəkilən xərclər təklif formasını təqdim edən təşkilat tərəfindən qarşılananmalıdır. SOCAR layihə təkliflərinin hazırlanması üçün edilən hər hansısa bir xərcə görə məsuliyyət daşımır.

Qeyd:

Tərcümə ediləcək kitab və kursların yenidən nəşri və çoxaldılması ilə bağlı icazə hüququ SOCAR Midstream şirkətinə aid olacaq.
Son müraciət tarixi: 19 Aprel 2021-ci il, saat 13:00-dək

Yalnız qeyd olunan tarixə kimi si@socarmidstream.az ünvanına göndərilən və ingilis dilində yazılmış ərizələr nəzərdən keçiriləcək. Ərizənizi təqdim etməzdən öncə zəhmət olmasa əmin olun ki:

- bütün tələb olunan sənədləri qeyd olunan elektron ünvana göndərmisiniz;
- təqdim edəcəyiniz sənədlər tamamlanıb və oxunaqlıdır;
- sənədlər bütün rəsmi tələblərə cavab verir.

 SMO-Proposal Template (2).doc 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP